Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Bankların üzləşdiyi risklər

Necə deyərlər, risk etməyən şampan içməz. Bank sahəsində isə bu deyim xüsusilə doğrudur. Banklar, sözün əsl mənasında,  xeyli sayda müxtəlif risklərə məruz qalırlar. Ən uğurlu banklar isə belə riskləri idarə edən və onları vaxtında aradan qaldırmağı bacaran banklardır. Riskləri aradan qaldırmaq üçün ilk növbədə həmin risklərin nədən yarandığını müəyyən etmək lazımdır. Banklar, adətən, aşağıda qeyd olunmuş risklərlə qarşılaşır.

Kredit Riskləri

Kredit riski, yəqin ki, bankların ən çox rast gəldiyi birinci riskdir. Yəni kredit riski borc alanlar tərəfindən kreditlərin ödənilməməsi ehtimalından əmələ gələn riskdir. Əslində bu risklərdən ən böyüyü borc alanların borcu ümumiyyətlə qaytarmamasıdır, lakin banklar borcların gec qaytarılmasını da risk siyahısına əlavə edirlər.

Bazar Riskləri

Banklar müxtəlif formalarda bazar riskləri ilə də üzləşirlər. Məsələn, əgər onlar böyük miqdarda kapitala sahibdirlərsə, o zaman kapital riskinə məruz qalırlar. Eynilə, banklar qızıl, gümüş və ya daşınmaz əmlak kimi əmtəələrə də kredit verir və bu səbəbdən onlar əmtəə ilə bağlı risklərə də məruz qalırlar. 

Əməliyyat riskləri

Təbii ki, banklar mənfəət qazanmaq üçün kütləvi əməliyyatlar yerinə yetirməlidir. Əməliyyat riski, əsasən, bankın gündəlik fəaliyyətində uğursuzluqla nəticələnən biznes prosesləri nəticəsində baş verir. Məsələn, əməliyyat riski dedikdə adicə hesaba səhv köçürülən ödənişləri və ya səhv sifarişin yerinə yetirilməsini deyə bilərik. Əməliyyat riskləri həm də yanlış insanların işə götürülməsi səbəbindən yaranır və ya alternativ olaraq, informasiya texnologiyaları sistemlərinin sıradan çıxması halında da baş verə bilər.

Mənəvi təhlükə

Mənəvi təhlükə adlanan risklə bank və ya onun səhmdarları üzləşmir, onların yerinə bankların fəaliyyət göstərdiyi ölkənin vergi ödəyiciləri üzləşirlər. Yəni sadə dillə izah etsək, banklar həddindən artıq risk almağa vərdiş ediblər. Əgər onların riski öz bəhrəsini verərsə, gəlirlərini saxlamalıdırlar. Lakin onların riski əks nəticə verərsə, o zaman itkilər vergi ödəyiciləri tərəfindən maliyyə yardımı şəklində ödənilir.

Likvidlik riski

Likvidlik riski bankların üzləşdiyi digər bir risk növüdür. Likvidlik riski o zaman yaranır ki, əmanətçilər öz pul vəsaitlərini geri götürmək üçün gəldiyi halda bank öz öhdəliyini yerinə yetirmir. Belə risk, əsasən, fraksiya ehtiyat bank sisteminə aiddir, ona görə də bu sistemdə alınan depozitlərin yalnız hansısa bir faizi ehtiyat kimi saxlanılır, digər hissəsi isə kredit verilməsinə sərf olunur.

Biznes riski

Hal-hazırda banklar seçim edə biləcəyi çoxlu strategiyalara malikdirlər. Müəyyən bir strategiya seçildikdən sonra bank özünün xeyli resurslarını və vaxtını uzunmüddətli şəkildə həmin strategiyanın məqsədlərinə çatmaq üçün istifadə edir. Beləliklə, əgər seçilmiş strategiya səhvdirsə, bank kifayət qədər itkilərə məruz qala və ya sadəcə olaraq müflisləşə bilər. Ona görə, həmişə səhv strategiya seçmək riski mövcuddur.

Reputasiya riski

Ümumiyyətlə, reputasiya bank sahəsində ən vacib faktorlardan biridir. Hər bir müştəri öz pulunun etibarlı bankda saxlanmasına və həmin bankın dayanıqlı biznes təcrübələrinə riayət etməsinə əmin olmaq istər. Ona görə, hər hansısa bank barədə mətbuatda mənfi xəbər yayıldığı halda, həmin bankın öz reputasiyasını ləkələmək riski vardır.

Sistem riski

Sistem riski bütöv maliyyə sisteminin mürəkkəb və əlaqəli bir şəbəkə olması səbəbindən yaranır. Yəni, əgər bir bank uğursuzluğa uğrayıbsa, bu digər bir çox banklara da təsir göstərə bilir. Beləliklə, banklar bir-biri ilə xeyli əməliyyatlarda qarşılıqlı işləyir və system riskinə hər bir bank məruz qala bilər.

çoxfunksiyalı mobil əlavə